(Azərbaycanın milli xəmir xörəklərindən olan xingalın bir növü)
(6 nəfərlik)
Ərzaqlar:
Xəmir üçün:
4 st un
1 ç.q duz
1 yumurta
1/3 ç.q sarıkök
Təxminən 1 st ilıq su
Yuxaları yaymaq üçün 2-3 x.q un
Üstü üçün:
1 ədəd toyuq
3 ədəd baş soğan
3 x.q əridilmiş kərə yağı
8-9 alça turşusu
1/3 ç.q sarıkök
3 yumurta
duz
istiot
Üstünə tökmək üçün:
1 kasa qatıq
2 diş sarımsaq.
Əridilmiş kərə yağı
Hazırlanması:
Soğanı soyub təmizlədikdən sonra yuyub xırda doğrayırıq.
Üstünə yağ və duz töküb qızılı rəngdə olana qədər qovururuq. Tam qovrulandan sonra sarıkök əlavə edirik.
Toyuğu doğrayıb təmiz yuyuruq. Doğranmış toyuğu qovrulmuş soğanın üstünə töküb 10 dəqiqə qovururuq. Alça turşularını da əlavə edirik.
Üzünə çıxana qədər su əlavə edirib duz və istiotunu töküb vam odda 1-1,5 saata bişiririk. (Toyuğun əti tam bişməlidir)(kənd toyuqları bilirsiniz ki, yaşına görə gec ya tez bişir)
Toyuq tam hazır olanda yumurtanı sındırıb duz və istiot səpib çalırıq və yeməyin üstünə töküb qarışdırırıq. (Yumurtanı yeməyə tökəndə qazı çox yandırın ki, yumurta çürüməsin)
İndi isə xəmiri hazırlayaq. Unu duzu yumurtanı və suyu əvvəl qaşıqla sonra əlimizlə qarışdırıb normal xəmir yoğururuq.
Xəmirdən balaca kündələr düzəldirik.
Adi yuxa qalınlığında yayırıq.
Yaydığımız yuxaları sacın üstündə təpidirik. Yuxalar soyuyub qurumasın deyə salafan pakete yığırıq.
Hamısını bişirib qurtardıqdan sonra bıçaqla şəkildəki kimi doğrayırıq.
4 litrlik suya 1ç.q duz əlavə edib qaynadırıq. (İstəsəniz yuxalarınız heç bir –birinə yapışmasın suya 1-2 x.q. yağ tökə bilərsiniz) Yuxanı tökə-tökə suyu qarışdırırıq ki, bir-birinə yapışmasın. Su qaynayanda kəsdiyimiz yuxaları töküb bişiririk.10-15 dəqiqəyə yuxalar bişəcək.
Bişmiş yuxanı aşsüzəndən süzürük.
Sarımsağı əzib qatıqla qarşdırırıq.
Bişmiş yuxanı töküb üstünə hazırladığımız toyugu tökürük. Zövqə görə istəsəniz əlavə olaraq əridilmiş kərə yağı tökə bilərsiniz.
Süfrəyə veriləndə yanında sarımsaqlı qatıq qoyuruq.
Nuş olsun!