Pizza – İtalyan mənşəli bu təam bu gün dünyanın hər yerində xüsusən gənclərin ən çox sevdiyi bir ləzzətdir. Məxsusi ləzzəti, tez və daim əlçatan olması pizzanı, yeməyə ayırmağa vaxtı qıt olan, bir an əvvəl yəmək işini həll edib aradan çıxartmaq istəyən günümüz gənclərinin ideal seçimi halına getirmişdir. Düşünün ki, Amerikada saniyədə 350 dilim pizza yeyilir. 
Hər nə qədər asan hazırlanma, əlçatan inqrediyentlər və damağa xoş gələn dadı pizzanın tarixən varolma səbəbi olsa da, bu günkü məhşurluğunu daha çox markalaşmağa borclu olduğunu deməliyik. Məhşurlaşmış pizza markalarının iştah qabardıcı reklamları ümumilikdə bu ləzzəti seçimimizdə ilk sıralara gətirir.  

Modern pizzanın tarixinə baxdıqda isə onun 18-ci əsrin sonlarında Neapolda ortaya  çıxdığı görülür (gəl ki, buralarda üzərində müxtəlif əlavələr olan çörəklərin ta qədimdən bişirildiyi bilinir). İlk zamanlarda daha çox kasıbların yeməyi kimi bilinirdi. Aleksandr Duma  1885-ci ildə Neapola səfəri vaxtı burada kasıbların ancaq iki şey yediyini qeyd edir, yayda qarpız qışda pizza.  Pizza zamanla hamının süfrəsinə yol tapmağı bildi, hətta əfsanəyə görə 1889-cu ildə kraliça Margherita buranı ziyarət edərkən onun şərəfinə pizza hazırlanır və daha sonralar kraliça üçün hazırlanan resept elə onun adı ilə anılır. Bu gün İtalyanlar `mədəniyyət irsi` kimi Neopolitan pizzanı Avropa birliyi tərəfindən qoruma altına almışlar və hətta Neopolitan pizzanın təbliği və qorunması üçün 1984-cü ildən Həqiqi Neopolitan Pizza Assosasiyası yaradaraq həqiqi Neopolitan pizzanın möhürünü əllərində tutmağa çalışırlar.  

Ümumiyyətlə pizzanın ləzzətinin sirri üzərindəki ərzaqlarla yanaşı əsasən onun xəmirində yatmaqdadır. Məhz buna görə bugün hər bir pizza markası öz xəmiri ilə seçilməyə çalışır. Çünkü necə ki, isti çörək insana iştah gətirir eləcə də, qərərində bişmiş pizza xəmiri onu doyumsuz edir. Hələ bir də bu ləzzət üzərindəki ərzaqların ləzzəti ilə birləşdikdə, ağlınıza gəldikdə belə ağzınızı sulandıracaq bir ləzzət ortaya çıxır. Bir digər məqam isə, pizzanın bişdiyi sobadır. Bütün çörək məhsullarında olduğu kimi, ən ləzzətli pizza odun kürəsində bişir. 

Hər nə qədər odun kürəsində daha yaxşı olsa da, burada sizinlə ev şəraitində sevdiyim bir resepti paylaşıram. 
Pizza 
Ərzaqlar:
  • Xəmir üçün
  • 1 ədəd yumurta
  • 1 su st. ilıq su
  • yarım su st. bitki yağı
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı şəkər duz
  • 1 paket toz maya
  • aparana qədər un
  • Sousu üçün
  • 2 xörək qaşığı ketçup
  • xörək qaşığı tomat
  • 1 çimdik kəklikotu
  • Üstü üçün
  • kolbasa
  • sosika
  • qırmızı bibər
  • (göbələk -zövqə görə)
  • rəndələnmiş holland pendiri
  • bir çimdik xaş-xaş
Hazırlanması:
  • Xəmir hazırlamaq üçün bir qaba xəmir üçün olan un xaricindəki bütün ərzaqları yığıb qarışdırırıq.
  • Üstünə az az unu əlavə edərək yumsaq, ələ yapışmayan xəmir yoğururuq.
  • Xəmirin üstünü nəmli bir bez ilə örtüb yarım saat gözləyirik.
  • Kolbasa və sosiskanı bir az nazik, bibəri isə normal qalınlıqda doğrayırıq.
  • Sousu üçün bir boşqabda ketçup, tomat və keklikotunu qarışdırırıq, qatı olsa su əlavə edirik.
  • Xəmiri 3 kündə edirik və az unlu zəmində fırın qabı ölçüsündə yuxa açırıq.
  • Üstünə sousu sürtüb rəndəlanmiş pendiri əlavə edirik.
  • Sonra doğradığımız kolbasa, sosiska və bibəri əlavə edib xaş-xaş səpirik.
  • 180 dərəcə isinmiş sobada bişiririk.

 Qeyd: pizza xəmiri yumşaq olmalıdır, əlimizlə rahat forma verəbiləcəyimiz yumsaqlıqda.Ona görə yumsaqlıq üçün kündəyə duru yağ tökə bilərsiniz. 

Comments

comments