Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:

1 kq un, 2 yumurta, 1/2(yarım) ç.q sarıkök, 1 ç.q dolu duz, 2  st süd (ehtiyac olsa aparanadək əlavə edirik), 1ç.q quru maya

Yuxaların araları üçün:

1 st qoz ləpəsi

Yuxaları yaymaq üçün:

əlavə un

İçlik üçün:

250 q şəkər tozu, 250 q qoz, 1/4 (dörddəbir) ç.q hil

Yağlamaq üçün:

400-450 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta, xaş-xaş

Hazırlanması:

Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq süddə qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.

Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.

Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.

Xəmiri qarışdırıb tam həll olanadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə sellofan çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.

İndi isə içliyi hazırlayaq. Qozu tavaya töküb qazın üstündə qarışdıra-qarışdıra az qovururuq. Qovrulmuş qozu dəsmalın arasında az ovuruq qabıqları çıxır. Tamam soyuduqdan sonra sürtgəcli maşından keçirdirik.

Çəkilmiş qoza şəkər tozu və hili əlavə edib qarışdırırıq. İçliyimiz hazırdı.

Yuxaların arası üçün olan qovrulmuş qozu bıçaq vasitəsi ilə doğrayırıq.

Yuxaları yağlamaq üçün yağı əridirik .

Xəmir 2 saata acıyır.

Xəmirdən 15 kündə düzəldirik. 5 dəqiqə qalır kündələr özünə gəlir.

Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq.

Yuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq. Hər dəfə yağlanmış yuxaların arasına doğradığımız qoz ləpəsini səpirik.

Bütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq.

Ortasını aralayıb qozlu içlik qoyub ağzını bükürük.

Azca əlimizlə yayıb qurumasın deyə üstünü sellofan ilə örtürük.

Hazır qoğalların üzünü çevirib əlimizlə az yayıb qaba düzürük.

Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq. Üzərini yumurtalayb xaş-xaş səpirik.

220 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.Nuş olsun!

Comments

comments