Ərzaqlar:
Xəmir üçün:
1,5 st un
100 q kərə yağı
3 x.q şəkər tozu
1 ədəd yumurta
1 x.q kakao
1 paket qabartma tozu
1 paket vanil
İçlik üçün:
400 q pəhriz kəsmik
1/2 st şəkər tozu
3 yumurta
50 q kərə yağı
1 ədəd limon qabığı
1 ç.q nişasta
1 paket vanil
Kişmiş, qaysı, qoz
Hazırlanması:
Əvvəlcə xəmiri düzəldirik. Yumşaq kərə yağı ilə şəkər tozu və vanili qarışdırırıq.
Sonra yumurtanı əlavə edib qarışdırırıq.
Kakaonu əlavə edib qarışdırırıq.
Qabartma tozunu və unu əlavə edib xəmiri düzəldirik.
Yumşaq xəmir olacaq. Xəmirin 1/3 –ni sellofana qoyub soyuducunun buzxanasına qoyuruq.
İçliyi hazırlayaq. Kəsmiyi çəngəl ilə əzib qarışdırırıq.
Şəkər tozunu və vanili əlavə edib yenə qarışdırırıq.
Yumşalmış yağı əlavə edib qarışdırırıq.
Yumurta sarısını ağından ayırıb sarısını töküb qarışdırırıq.
Nişastanı əlavə edib qarışdırırıq.
Qaysını xırda doğrayıb kişmiş ilə yuyub quruduruq.
Qozu xırda doğrayırıq. Limonun qabığını xırda doğrayırıq
Qarışığa kişmiş, qoz, limon qabığı və qaysını əlavə edib yaxşı qarışdırırıq. (Zövqə görə istəsəniz hər hansı birini tökə bilərsiniz və ya qara gavalı qurusu da əlavə edə bilərsiniz.)
Sonra yumurta ağını tamam köpüklənənə qədər mikserlə çalırıq.
Çaldığımız yumurta ağını az-az qarışığa əlavə edib ehtiyatla qarışdırırıq.
Qabı kərə yağı ilə yağlayıb xəmiri qaba yayırıq.
Hazırladığımız içliyi xəmirin üstünə töküb bərabər yayırıq.
Soyuducunun buzxanasında saxladığımız xəmiri sürtgəcin böyük gözündən keçirib içliyin üstünə səpirik.
180 dərəcədə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.
İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!