Ərzaqlar:
Xəmir üçün:
1/2(yarım) st süd, 1/2(yarım)st qatıq, 1/2(yarım) st duru yağ, 1 ədəd yumurta, 1 paket qabartma tozu, 1/3 ç.q duz, 4 st un (aparanadək)
İç üçün:
400-450 q kakos
Şərbət üçün:
4 st şəkər tozu, 2 st su, 1 dilim limon
Üstünə tökmək üçün:
250 q kərə yağı
Yuxaları yaymaq üçün:
Buğda nişastası
Hazırlanması:
Şərbəti hazırlamaq üçün şəkər tozunun üstünə suyu və bir dilim limonu əlavə edib qaynadırıq. Şərbət qatı olmamalıdır. Adi paxlavalara hazırlanan şərbət kimi hazırlayırıq. Hazır şərbəti bir kənara qoyuruq soyuyur.
Ümumiyyətlə şərbətli şirniyyatlarda şirniyyat özü isti olanda şərbəti soyuq. Soyuq olanda şərbəti isti götürmək lazımdır. Hər ikisi isti ya soyuq olsa şirniyyatınız yaxşı alınmayacaq. Soyuq olanda şirəni özünə çəkməyəcək. İsti olanda isə içi linc olacaq.
Dərin bir qab götürüb südü, qatığı, duru yağı, qabartma tozunu, duzu və yumurtanı tökürük. Qaşıqla yaxşı qarışdırırıq.
Sonra undan az-az əlavə edib qarışdırırıq. Əlimizlə yumşaq xəmir düzəldirik.
Xəmiri 12 bərabər yerə bölüb kündəliyirik.
Kündənin birini götürüb nişasta səpib nazik yuxa yayırıq.
Diametri 32-34 sm tava götürürük.Tavanı kərə yağı ilə yağlayıb yuxanı səririk.
Kakosdan səpirik. Sonra ikinci kündəni yayıb qoyub kakos səpirik. Bu qayda ilə bütün kündələri yayıb qat-qat kakos səpib yığırıq. Axırıncı yuxanı qoyub yanlarını bərkidib səliqəli düzəldirik.
Bıçaqla paxlava formasında kəsirik.
Kərə yağını əridib paxlavanın üstünə tökürük.
Sonra 170-180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk. Üzü qızaranda götürürük.
Götürən kimi şərbəti tökürük.
Bıçaqla kəsilən yerlərdən bir də gedin ki aralarına şərbət bərabər keçsin.
Yaxşı olar ki axşamdan hazırlayıb qoyasınız səhərə kimi şərbəti özünə çəksin. Çərbəti özünə çəkib soyuduqdan sonra çay süfrəsinə verə bilərsiniz.Nuş olsun!