Azərbaycanın milli şirniyyat növlərindən biridir.

(28-32 s.m-lik 2 tavalıq paxlavanın ölçüləri)

Ərzaqlar:

Xəmir üçün:

1 st qatıq, 1 ədəd yumurta, 1 st gülab, 250 q kərə yağı, bir çimdik duz, aparanadək un

Yuxaları yaymaq üçün:

Əlavə un

Aralarına və üstünə tökmək üçün:

500q – 1 kq kərə yağı (aparanadək)

İç üçün:

2 kq qoz ləpəsi, 2 kq şəkər tozu(Üstündən 1 st götürürük şərbət üçün)

Şərbət üçün:

1 st şəkər tozu, 1/2 (yarım) st gülab, 1 dilim limon

Üz üçün:

Fındıq, qoz ya da badam ləpəsi, 1 ədəd yumurta sarısı, zəfəran ya da qırmızı rəng

Hazırlanması:

Unu bir qaba ələyib üstünə xəmir üçün olan bütün ərzaqları töküb yumşaq xəmir yoğururuq.

Gülab ilə şəkər tozunu bir qazana töküb şərbəti bişiririk. İçinə bir dili limon əlavə edirik

Qozu qovurub soyuduqdan sonra maşından keçirib şəkər tozu ilə qarışdırırıq.

Kərə yağını əridirik.

Yoğurduğumuz xəmiri iki yerə bölüb hər hissədən 11 kündə ( Yəni 22 kündə) hazırlayırıq. Kündənin ikisini bir az böyük, qalanlarını balaca düzəldirik.

Böyük kündədən birini göturub qalın yuxa yayırıq.

Tavanı kərə yağı ilə yağlayıb qalın yuxanı səririk. Yuxa kənarlardan üstə çıxmalıdır.

Tavaya sərdiyimiz yuxanı yağlayıb içlik tökmədən ikinci balaca kündədən yaydığımız yuxanı qoyuruq.

İkinci yuxanı yağlayıb içlikdən 1 st tökürük.

Bu qayda ilə 10-cu yuxaya qədər qatları düzəldirik.

Onuncu yuxanı da yayıb qoyub yağlayırıq. Amma içlik səpmirik.

Böyük kündəni tavanın ağzı boyda yayıb 10-cu yuxanın üstünə qoyuruq.

Yanlarını bərkidirik. Eni 4 sm olmaqla romb şəklində kəsirik.

Kəsilmiş paxlavanın üstünə ya rəng ilə yumurta sarısı qarışığı ya da zəfaran suyu ilə yumurta sarısı qarışığı çəkirik.Zövqə görə istəsəniz yumurtasız zəfəran suyu ya da yumurta sarısı da çəkə bilərsiniz. (Zəfərandən istifadə etdikdə fikir verin ki, dadı acı olanlardan olmasın. Onda paxlava yaxşı dadmayacaq. Məsləhər görərdim ki, rəngdən istifadə edəsiniz. Paxlavanın üzünün parıltılı olmağını istəyirsinizsə şərbətdən 2-3 x.q götürüb 1 x.q bal ilə qarışdırıb əridib paxlava bişib hazır olanda isti-isti üzünə çəkəsiniz.)

Sonra üstünü ləpələr ilə bəzəyirik. Biz xəmirdən də lent şəklində bəzəklər düzəldib ortasına şirni qoyub kəsilmiş paxlavanı bəzədik.

Hər rombun ortasına istədiyiniz ləpələrdən qoya bilərsiniz.

15-20 dəqiqə saxladıqdan sonra 180 dərəcə qızdırılmış sobada üzü az qızaranadək bişiririk.

Sonra çıxarıb yağ töküb yenidən sobaya qoyuruq.Çıxardıqda kəsilən yerləri bir daha kəsirik. Sonra kəsilən aralara yağı tökürük.

Üzü tamam qızardıqda sobadan çıxarıb üstünə yəni aralarına şərbəti toküb yenidən 2-3 dəqiqə sobaya qoyub götürürük.

Paxlavanı soyuduqdan sonra tavadan çıxarıb düz qablara yığırıq.

Bu qayda ilə ikinci tavada da paxlavamızı hazırlayırıq.

Nuş olsun!

Comments

comments