Azərbaycanın milli şirniyyat növlərindən biridir.
Ərzaqlar:
Xəmir üçün:
4 st un
1 st+1/3 st ilıq su
1 ç.q quru maya
1 ç.q duz
Arasına çəkmək üçün:
200-250 q kərə yağı
1/2 ç.q ədava qarışığı(küşniş toxumu, hil, darçın və zəncəfil)
Qızartmaq üçün:
Zeytun ya bitki yağı ya da kərə yağı
Yaymaq üçün:
3-4 x.q un
Üstü üçün:
1 x.q şəkər kirşanı
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayırıq.
Mayanı az ilıq su ilə qarışdırıb 5-10 dəqiqə saxlayırıq köpür.
Unu bir qaba ələyib üstünə duzu səpib içinə mayanı və suyu əlavə edib qaşıqla qarışdırırıq.
Sonra əlimizlə normal xəmir yoğururuq. Xəmirin üstünü örtüb isti yerdə 2-2,5 saat saxlayırıq acıyır.
Yağı bir qabda əridib ədavaları içinə töküb qarışdırırıq.
Xəmir acıdıqdan sonra onu uzumsov düzəldib 5 yerə bölüb kündəliyirik.
Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq.
Yuxanı sərib üstünə yağdan töküb yağlayırıq.(Yuxanı sərib yanlardan dartıb böyüdün. Birinci yuxanı sərdikdə taxtaya yağ vurub ordan-burdan yapışdırın.)
Qalan yuxaları da bu qayda ilə yayıb yağlayırıq.
Yağlanmış yuxaları enli tərəfdən bükürük.
Bir tərəfindən başlayaraq dairəvi şəkildə yenidən bükürük.
Sonra əlimizlə qalınlığı 1 sm-dən nazik diametri 32-34 sm olmaqla yayırıq.Yaydığımız xəmiri çəngəl ilə 10-15 yerdən deşdəkləyirik.
Tavada yağı qızdırıb düzəltdiyimiz xəmiri qoyub hər iki üzünü qızardırıq.
Keçmiş adət ənənələrimizə görə hal hazırda da rayonlarımızda fəsəlini sacda bişirirlər. Sacda fəsəlini bişirdikdə üzünə yağ vuraraq dayanmadan o tərəf bu tərəf çevirib tamam qızaranadək bişirirlər.
Üstünə şəkər kirşanı səpirik. Bəzən də fəsəli bal ilə süfrəyə verilir. Fəsəli isti-isti çox ləzzətli olur.
Nuş olsun!