Ərzaqlar:
1 kq çəkilmiş qoyun əti
3 baş soğan
2/5 (2 st. yarım) yumru düyü
3 xörək qaşığı ərinmiş kərə yağı
1 dəstə keşniş, şüyüd və nanə (təzə nanə olmayanda nanə qurusu )
Duz (yarpaq duzlu olanda duz tökülmür)
Zövqə görə istiot
Üzüm yarpağı
Hazırlanması:
Göyərtini xırda doğrayırıq.
Soğanı sürtgəcdən keçiririk. (Əgər əti özünüz maşından keçirirsinizsə soğanı da maşından keçirin)
Dərin qabda əti, soğanı, düyünü, göyərtini,nanə qurusunu, yağı və zövqə görə istiot və duzu töküb yaxşı qarışdırırıq. (Əgər yarpaq duzludursa onda ətə duz vurmuruq)
Dolmanı bükmək üçün yarpağı hazırlayaq. Tutulmuş yarpaq olanda isti suda bir neçə dəfə yuyuruq ki, duzu getsin. Əgər təzə yarpaqdan bükürsünüzsə onda qaynar suya yarpağı salın rəngi saralan kimi götürürük. Saplaqlarını kəsirik. Təzə yarpaqdan dolma bükəndə ətə mütləq duz vururuq.
Hər yarpağın ortasına 1 ç.q ət qoyub yanlarını içəri doğru qatlayaraq bükürük. Bükülmə qaydasına görə bəzi xanımlarımız yumru, bəziləri isə üzünsov bükür.
Bükülmüş dolmaları qazana yığırıq. Qutaranda üzünə çıxana qədər su tökürük.
Ortasına ağzı aşağı düz boşqab qoyuruq. Boşqab dolmaları bişəndə dağılmağa qoymur.
Əvvəl gur odda dolmanı qoyuruq. Suyu qaynara duşəndə kəfini yığırıq. Sonra normal odda yağa düşənə qədər bişiririk.
Dolmanı süfrəyə verəndə yanında qatıq verilir. Zövqə görə qatığın içinə sarımsaq əzib tökə bilərsiniz.
Nuş olsun!