Azərbaycanın milli şirniyyat növlərindən biridir.
Ərzaqlar:
(45-50 ədəd şəkərbura üçün)
Xəmir üçün:
1kq un, 3 yumurta, 250 q kərə yağı, 1 st süd, 2 x.q xama, 1/2(yarım) ç.q quru maya
İçlik üçün:
500 q qabığı təmizlənmiş fındıq ləpəsi, 500 q şəkər tozu, 1/4 ç.q hil
Hazırlanması:
Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.
Yağı əridirik.
Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.
Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edirik.
Normal xəmir yoğururuq.
Xəmirin üstünə salafan çəkib, dəsmal qoyub, isti bükürük, 1 saat acımağa qoyuruq.
İçlik hazırlayırıq.Fındığı tavada qovurub qabığını təmizlədikdən sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş fındığı şəkər tozu və hil ilə qarışdırırıq.
Xəmir acıyacaq.
Xəmirdən 40 qramlıq (qozdan az böyük) 10 ədəd kündə düzəldirik. (Xəmirdən az götürün 8-10 kündə düzəldin onu hazırlayıb qurtardıqdan sonra yenidən götürüb kündəliyib düzəldin qurtaranadək təkrarlayın. Bu şəkildə şəkərburaları düzəltməyə davam edin). Kündənin birini götürüb oxlov ilə təxminən diametri 10sm olmaqla yayırıq.
Xəmiri əlimizin içinə alıb 2 ç.q içlik qoyuruq. İçliyi qoyanda çalışın şəkər tozu uc hissələrə yayılmasın. Onda pis bükülür xəmir bir-birinə yaxşı yapışmır.
Yanlarını yaxşı uc-uca bərkidirik.
Bükürük. (Bəziləri yuxarıdan aşağı doğru bəziləri isə aşağıdan yuxarı doğru bükür)
Üzünə maqqaş vasitəsi ilə naxış salırıq. Hazır olan şəkərburaları bişirəcəyimiz qaba aralı yığırıq.
Bütün şəkərburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Hazırladığınız şəkərburaları sərin yerdə saxlayın. Soyuq da olmaz isti də. Üstünü örtmək olmaz. Açıq qoyursunuz ki, naxışlar qurusun. Onda naxışlar itmir. Əgər hazırlayan kimi bişirsəniz naxışları itəcək. Bişirərkən şəkərburanın üzü qızarmamalıdır ağ qalmalıdır.
Bişmiş şəkərburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük. Əziz xanımlar şəkərburanı uzun müddət saxlamaq istəyirsinizsə bu qaydada saxlayın. Əgər salafana ya da soyuducuya qoysanız tez xarab olacaq.
Nuş olsun!