Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:

4 st uzun düyü

1 ədəd toyuq

4 x.q əridilmiş kərə yağı

1/2 st kişmiş

10 ədəd qaysı

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q  qatıq

Hazırlanması:

Toyuğu təmizləyib yuduqdan sonra xırda hissələrə bölürük. Üstünə su əlavə edib hazır olana qədər bişiririk. Əvvəl suyu qaynamağa başlayanda kəfini yığırıq və duz tökürük.

Zəfəranı bir stəkana töküb üstünə isti su töküb ağzını örtürük dəm alsın.

Soğanı təmizləyib yuduqdan sonra dörd bölüb nazık doğrayırıq. Üstünə yağ və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Bişmiş toyuq ətini sudan çıxarıb yağda hər tərəfini qızardırıq.

Qızardılmış soğanı toyuğun üstünə əlavə edib 10-15 dəqiqə vam odda qovururuq. Duz və istiotunu tökürük.

Kişmişi və qaysını təmizləyib yuyuruq. Tavaya az yağ əlavə edib kişmiş ilə qaysını qovururuq.

Badam ləpəsini az yağda qovururuq.

Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.

Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın.

Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.

Qazmağı hazırlayırıq.Qatıq ilə yumurtanı çalırıq. Qazana az yağ töküb əridirik.

Bişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə yayıb tarazlayırıq.

Qalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq.

Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı.

Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə toyuq ilə soğan qızartması, kişmiş, qaysı,badam ləpəsi, qazmaq qoyulur və yağ tökülür.

Nuş olsun!

Comments

comments