Bu gün Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Qədim ən-ənələrimizi özündə əks etdirən çərşənbələr Su, Od, Yel, Torpaq çərşənbələri olmaqla 4 yerə bölünür. İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Çərşənbələrdə açılmış süfrələrdə milli təamlar, xonçalar süfrənin bəzəyi olur. Süfrədə 7 adda nemət olmalıdır. Novruzun atributu sayılan səməni isə sonuncu çərşənbədə süfrəyə qoyulur. Maraqlı əyləncələri ilə başlayan Novruz xeyrin şərə qalib gəlməsi, təbiətin oyanışı və canlanmasını özündə əks etdirir. Novruz əyləncələri xeyir və şəri tərənnüm edən nağıl qəhrəmanları Keçəl və Kosanın iştirakı, xalq oyunları, ən nəhayət Bahar qızın gəlişi ilə tamamlanır.
Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə saat 02:45-də baş verəcək. Novruzun axır çərşənbəsi martın 17-nə təsadüf edəcək.

Bayramınız mübarək!

Comments

comments