Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Günəş istisini arzulayan ulu babalarımız od çərşəndəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr oxuyardılar. Tonqal sönəndən sonra qızlar və oğlanlar külü yığıb onu kəndin kənarına, ya da yola səpirdilər. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getməsini simvolizə edir. Qədim dövrdə tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayardı. Belə od müqəddəs sayılardı. Tariximizdə elə dövrdər olub ki, odun üzərindən atlanmaqla məhkumlar xilas olublar. Deməli günahsızdır ki, od onu yandırmayıb. Od çərşəmbəsinin digər maraqlı mərasimlərindən biri də il boyu ailə üzvlərindən birini itirmiş evlərin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasimiqə son qoyulardı. İnsanlara Uraz/Araz (od, atəş) adının verilməsi, evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədilə qoyun sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan ocağı söndürməmək və məzar daşların üzərində atəşdanların həkk edilməsi və başqa nümunələr də türklərin oda olan hörmət və ehtiramını göstərir. Qədimdə evlərdə ocağı sönməyə qoymurdular.

Comments

comments