Fisincan plov Azərbaycanın milli plov növlərindən biridir.
Ərzaqlar:
3 st düyü
500 q toyuq əti
2 st çəkilmiş qoz
2 ədəd baş soğan
4 x.q əridilmiş kərə yağı
1,5 st abqora (abqora əvəzinə su ilə limon duzu qarışığından istifadə edə bilərsiniz)
Zövqə görə çox turş olmasın deyə 1 ç.q şəkər tozu tökə bilərsiniz.
Duz
Istiot
Zəfəran ya da sarıkök
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Toyuq ətini təmizləyib yuyub duzlu suda yarıhazır bişiririk.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Sonra sudan toyuq ətlərini çıxarıb qovrulmuş soğanın üstünə töküb qızardırıq. Hazır olana yaxın zövqə görə duz və istiotunu tökürük.
Çuğun tava götürürük. Tavaya abqora suyunu tökürük.
Su qaynamağa başlayanda çəkilmiş qozu əlavə edib qarışdırırıq.
Qarışığın qaynadıqca rəngi dəyişəcək tündləşəcək. 3-5 dəqiqə kimi qarışdırırıq. Sonra qovrulmuş soğanla toyuq ətini bura əlavə edib qarışdırırıq. Duz və istəyə görə çox turş olsa şəkər tozunu əlavə edirik. 2-3 dəqiqə qarışdırıb sonra bulyondan az töküb vam odda 1 saat bişiririk.
Adi qaydada düyünü bişirib süzürük.
Yumurtanı qatıqla çalıb qazanın dibinə tökürük.
Düyü ilə qarışdırıb qalınlığı 1 sm olan qazmağı düzəldirik.
Qalan düyünü qazmağın üstünə tökürük. Üstünə yağ əlavə edib plovu vam odda dəm almağa qoyuruq.
Plov 1 saata dəm alacaq. Hazır plovu bir qaba çəkib qaynar yağ töküb üstünü qazmaqla bəzəyirik.
Hazırladığımız fisincanı başqa qaba töküb düyünün yanında süfrəyə veririk.
Nuş olsun!