Azərbaycanın milli xörəklərindən biridir.

(4-5 nəfərlik)

Ərzaqlar:

Xəmir üçün:

3 st un

1 yumurta

1 ç.q dolu duz

4/5 st su

Xəmiri yaymaq üçün 2-3 x.q əlavə un götürürük.

Üstü üçün:

500 q hazır qiymə (Qiyməni hazırlayanda soğanı çox olsun)

1 böyük kasa qatıq

2 diş sarımsaq (zövqə görə)

Hazırlanması:

Qiyməni hazırlamaq üçün bax: [url=http://resept.az/Qiymenin-hazirlanmasi-1632.html]Qiymənin hazırlanması[/url]

Unu yumurtanı və duzu bir qaba töküb ilıq su ilə normal xəmir yoğururuq.

Xəmirdən 4 ədəd kündə düzəldirik.

Adi yuxadan bir az qalın yuxa yayırıq. Yuxanı romb şəklində kəsirik. Bu şəkildə bütün yuxaları yayıb kəsirik.

Qatıq ilə əzilmiş sarımsağı qarışdırırıq.

4 litrlik suya 1ç.q duz əlavə edib qaynadırıq. (İstəsəniz yuxalarınız heç bir–birinə yapışmasın suya 1-2 x.q  yağ  tökə bilərsiniz). Bu yuxaları 2 dəfəyə töküb, bişiririk. Yuxanı tökə-tökə suyu qarışdırırıq ki, bir-birinə yapışmasın. Yuxalar 5-10 dəqiqəyə bişir. (Bu da sizin yuxanızın qalınlığından asılıdır) Hazır olan kimi aşsüzəndən süzürük.

Birinci dəfə süzdüyümüz suyu yenidən qazana töküb qaynadıb ikinci dəfəki yuxaları töküb bişirib süzürük.

Boşqablara sarımsaqlı qatıq töküb yayırıq.

Süzdüyümüz xəngəldən tökürük. Yenə üstünə sarımsaqlı qatıq töküb qiyməni əlavə edirik. Zövqə görə əlavə əridilmiş yağ da tökə bilərsiniz.

Qeyd: Bu xəngəli qatıq əvəzinə bəzi bölgələr qurut ilə yeyirlər.

Nuş olsun!

Comments

comments