Ərzaqlar:

1 kq ət (qoyun ya da mal əti)

4 st uzun düyü

4-5 x.q əridilmiş kərə yağı

250-300 q zoğal qurusu ya da təzə zoğal

Duz

3 baş soğan

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Hazırlanması:

Əti yuyub suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq. Sonra normal odda hazır olanadək bişiririk. Hazır olmağa az qalmış duz səpirik.

Soğanın qabığını soyub yuduqdan donra dörd bölüb nazik doğrayırıq.

Soğana yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Bişmiş əti sudan çıxarıb soğanın üstünə tökürük.
3-5 dəqiqə qovurub zoğalın yarısını tökürük. Duz və istiot əlavə edirik. Ətin suyundan da az əlavə edib vam odda yağa düşənədək bişiririk.

Adi qaydada düyünü əvvəlcədən islağa qoyub sonra yuyub duzlu suda bişiririk. Hazır olmağa yaxın qalan zoğalı töküb qarışdırıb düyünü süzürük.

Qazanda az yağ qızdırıb yumurta qatığı qarışdırıb bura tökürük. Düyüdən də az töküb qarışdırırıq. Qarışığı qazanın dibinə 1 sm qalınlıqda yayırıq. Düyünün yarısını tökürük.

Sonra zoğallı ət qovurmamızı əlavə edirik.

Qalan düyünü ətin üstünə töküb yağ əlavə edib plovu dəm almağa qoyuruq.

Plov 1-1,5 saata dəm alacaq.

Plovu təpəcik şəklində qaba yığıb üstünə qaynar yağ töküb qazmaq və zoğallı ətlə bəzəyirik.

Bu plovun qovurmasını düyünün altına qoymaya da bilərsiniz. Adi qaydada plov dəmləyin yanında zoğallı ət qovurmasını verin.

Nuş olsun!

Comments

comments