Ərzaqlar:

4 st düyü

500 q toyuğun döş əti

3 ədəd baş soğan

50 q badam ləpəsi

50 q zirinc

3-4x.q əridilmiş kərə yağı

1 ç.q şəkər tozu

Sarıkök ya zəfəran

Duz

Istiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Hazırlanması:

Toyuğun döş ətini yuyub doğrayıb üstünə su və az duz töküb bişiririk. Soyuduqdan sonra uzun-uzun didirik.

Badam ləpəsinin qabığını təmizləyirik. Baxa bilərsiniz [url=http://resept.az/Badam-lepesinin-temizlenmesi-1048.html]Badam ləpəsinin təmizlənməsi[/url]. Təmizlənmiş badam ləpəsini bıçaqla 4 yerə bölürük.

Tavaya az əridilmiş kərə yağından töküb badam ləpəsini rəngi dəyişənədək qovururuq. Bir kənara qoyuruq soyuyur.

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

Doğranmış soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq. Didilmiş toyuq ətini qovrulmuş soğanın üstünə töküb qarışdırırıq.

Zirinci yuyub tavada 2-3 dəqiqə yağda qovururuq.

Sonra üstünə badam ləpəsini əlavə edib 2-3 dəqiqə qovururuq. Şəkər tozunu əlavə edirik.

Soğanlı toyuq ətini zirincin üstünə əlavə edirik. 3-5 dəqiqə qovurub götürürük. Zövqə görə duz və istiotunu əlavə edirik.

Adi qaydada düyünü yuyub duzlu suda yarıbışmış halda bişirib süzürük.

Qazanın dibinə az yağ töküb qızdırırıq. Sonra bura yumurta ilə qatığı çalıb tökürük. Üstünə az düyüdən də əlavə edib qarışdırıb qalınlığı 1 sm olmaqla qazanın dibinə yayırıq.

Qazmağın üstünə az düyüdən töküb zirincli qarışığı tökürük.

Qalan düyünün yarısının üstünə zəfəran suyu ya da sarıkök tökürük.

Əvvəlcə ağ düyünü sonra zəfəranlı düyünü tökürük.

Düyünün üstünə yağ əlavə edib ağzına dəsmal ilə bürünmüş qapağı qoyub 1 saat dəm almağa qoyuruq.

Plov hazır olduqda qaba təpə formasında yığıb üstünə zirincli qovurmanı töküb qazmaqla bəzəyirik. Plovun üstünə qaynar əridilmiş kərə yağı töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments