Qarabaşaq (Qara darı) vacib yarmalıq bitkilərdəndir. Bu bitki əsasən dən məqsədi üçün becərilir, dəndən qiymətli və qidalı ərzaq hesab olunan qarabaşaq yarması alınır. Qarabaşaq yaxşı dad keyfiyyətinə, qidalılığına və yüksək dərəcədə həzm olunmasına  görə fərqlənir. Qarabaşağın zülalı dənli-paxlalı bitkilərin zülalından geri qalmır. Dənin tərkibində orta hesabla 82% nişasta, 10% zülal, 3% yağ, 0,3% şəkər, 2% sellüloza vardır. Eyni zamanda 7,9% lizin, 12,7% arginin və s. amin turşuları var. Qarabaşaq dəninin tərkibindəki zülalın miqdarı onun becərilməsi şəraitindən asılı olaraq dəyişir. Havanın rütubəti və torpağın nəmliyi artdıqca zülalın miqdarı azalır və əksinə, nisbətən quru hava şəraitində isə artır. Qarabaşağın tərkibində olan zülal digər taxılların zülal tərkibindən fərqlənir.

Zülalın keyfiyyəti və bioloji aktivliyi onun tərkibindəki amin turşularının miqdarı və nisbəti ilə ölçülür. Qarabaşaq dəninin nüvəsində 18 amin turşusu müəyyən olunmuşdur. Onlardan arginin, lizin, leysin və triptofan daha çoxluq təşkil edirlər.

Qarabaşağın zülalı çox yüksək (75%) həzmə gedəndir. Müəyyən olunmuşdur ki, qiymətli ərzaq zülalı dənli bitkilərdə bu qaydadadır:- qarabaşaq, çəltik, buğda, arpa, qarğıdalı. Südlə hazırlanmış qarabaşaq sıyığı (kaşa) aminturşularına görə ətin tərkibinə yaxındır.

Qarabaşağın yarması  mineral birləşmələrlə zəngindir: Külünün tərkibində 48,7% fosfor turşusu, 23,1% kalium oksid, və 12,4% maqnezium oksid var. Yarmalıq bitkilərdən fərqli olaraq qarabaşağın dənində dəmirin miqdarı 1,7%-dir. Digər dənlərdə isə dəmirin yalnız izinə təsadüf olunur. Dəmir üzvi turşular, limon, alma və quzuqulağı turşularının duzları şəklində dənin tərkibində bərabər paylanmışdır. Qarabaşağın yarmasının  tərkibində Cu (mis) elementinin  olması insanlarda qan azlığının aradan qaldırılmasında (hemoqlobinin əmələ gəlməsi) digər yarmalıq bitkilərdən üstündür. Qarabaşağın tərkibində eyni zamanda B1 (tiamin), B2 (riboflavin) və qan yaranmasını stimula edən (tənzimləyən) B9 (fol turşusu) anemiya xəstəliyinə qarşı istifadə olunan preparatdır.

Qarabaşağın tərkibində 14-ə qədər yağ turşuları (əsasən palmitin, olein və linoleum) var. Tərkibindəki E vitamini (tokoferol) isə ətraf mühitin əlverişsiz təsirinə insan orqanizminin davamlığını artırır.

Dənin tərkibindəki lipidlərdə lesitin əhəmiyyətli dərəcədədir ki, insan orqanizmindən xolesterini çıxarır və onun antaqonizmi hesab olunur. Ona görə də lesitin aterosklerozun profilaktikasında böyük əhəmiyyət kəsb edir. Qarabaşaq yarmasının tərkibindəki yağlar oksidləşməyə qarşı yüksək davamlılığına görə fərqlənir, ona görə də uzun müddət saxlanıla bilir və qidalılıq keyfiyyətini itirmir.

Qarabaşaq yarmasının yüksək qidalılıq xassəsinə səbəb, onun tərkibində yaxşı həzmə gedən əsas qida maddələrinin miqdarı, mineral birləşmələr, eləcə də üzvi turşular və vitaminlərin olmasıdır. Bu da, ondan müxtəlif xəstəliklərə qarşı pəhriz və müalicəvi ərzaq kimi istifadə olunmasına imkan verir.  Bu bitkidən eyni zamanda P vitamini (rutin) almaq üçün istifadə olunur. Antisklerotik xassəli rutin orqanizmdə kapillyarların davamsızlığını və keçicilik (nüfuz etmə) qabiliyyətini azaldır. Kapillyarların divarlarının möhkəmlənməsinə fəal təsir edərək rutin orqanizmə qansızmanı qoruyur, ürək əzələlərini gücləndirir və qanın laxtalanma müddətini qısaldır.

Qarabaşaq qiymətli bal verən bitkidir. Əlverişli meteoroloji şəraitdə hektardan  arı ailəsi 70-80 kq-a qədər bal toplayır.

Kül maddəsinin tərkibində insan orqanizmi üçün faydalı fosfor birləş­mələri, kalsium, mis, eləcə də üzvi turşular (limon, alma, quzuqulağı) var ki, bunlar həzm prosesini yaxşılaşdırırlar. Dənin tərkibində buğdaya nisbətən 1,5 dəfə artıq B1, B2 və P vitaminləri var. Ona görə də ən yaxşı pəhriz ərzaqı hesab olunur.

Qarabaşağın yarpağından və çiçəyindən rutin preparatı alınır ki, bu da skleroz, hiporteniya xəstəliyinə və şüa almış (radiasiya) orqanizmlərin müalicəsində istifadə olunur. Rutin eyni zamanda qarabaşağın nüvəsində də olur.

Qarabaşaq yeməyinin hazırlanması [url=http://resept.az/Qarabasaq-7485.html]http://resept.az/Qarabasaq-7485.html[/url]

Tarixi və yayılması

Qarabaşaq Asiya qitəsinin nəmliyi yüksək olan  dağ (Hindistan, Himalay)  rayonlarında 2,5 min il əvvəl mədəni bitki kimi formalaşmışdır. Mədəni qarabaşağın mənşəyi barədə hələlik dəqiq məlumat yoxdur. Qarabaşağın becərilməsinə Rusiyada XIII əsrdən, Avropada isə XV əsrdən başlanılmışdır.

Eyni zamanda Çində, Kanadada, ABŞ–da, Yaponiyada və Hindistanda becərilir. Rusiyada geniş sahədə əsasən Qaratorpaq olmayan bölgələrdə, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə, Tatarıstanda, Başqırdıstanda və Uralda becərilir. Bundan əlavə Ukrayna, Belarus və Qazaxıstanda da əkilir.  Himalay dağlarında, dəniz səviyyəsindən 4,5 min metr yüksəklikdə də becərilir.

Mənbə: Q.Y. Məmmədov, M.M. İsmayılov – Qarabaşaq (metodiki vəsait) ADAU nəşriyyatı., 2011.

Comments

comments