Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.

Azərbaycan Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin antidiabetik təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.

Xalq təbabətində nar meyvəsinin qabıqlarından "nar qəzəli" adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda narda iştah artırmaq üçün "nardaşa" adlanan şərbət hazırlanır. Həmçinin cır nardan "narşərab" hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.

Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar.
Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.
Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.
Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.

Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.

Nar da insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri tarazlayır. Həmçinin, ürək sağlamlığını qoruyur, qanı artırır. Bu səbəbdən gündə 1 stəkan təzə sıxılmış nar suyunu içmək, yaxud da 2-3 dənə nar yemək faydalıdır.

Mənbə: www.e-eye.az

Comments

comments