Bu məqamla bağlı illər əvvəl Türkiyədə dərc olunmuş bir məqaləni sizinlə paylaşacaq və daha sonra reseptimizə keçəcəyəm. “Kruasan fransız çörəyi deyil. İlk dəfə Vyanada ortaya çıxıb və onun ilk dəfə hazırlanması Osmanlı müharibələrinin baş verdiyi 17-ci əsrə gedib çıxır. Bununla bağlı bir sıra əfsanələr var. Bu gün türkləri “Avropa Birliyi”ndə görmək istəməyənlərin genlərində əcdadlarından gələn, türklərin bütün Avropanı ələ almalarına çox az qalan 1529-cu ildəki birinci və 1683-cü ildəki ikinci Vyana mühasirəsinin qorxusu var. Xüsusi ilə ikinci mühasirədə şəhərin ətrafla bütün əlaqələri kəsilmiş və şəhər qıtlıqdan ciddi əziyyət çəkirdi. Qərb dünyasının qorxduğu başına gəlirdi. Xristianlığın şərqdəki son qalası da ələ keçəcəkdi. Ancaq Vyana mühasirədən çıxa bildi. Polyak Kral Jan Sobiyeskinin əmrindəki alman-polyak qüvvələri Köprülü Kara Mustafa Paşanın əmrindəki Osmanlı ordusunu geri çəkilməyə məcbur etdi. Buraya qədərki hadisələr həm Türk, həm də Avropanın bütün ölkələrinin rəsmi tarixlərində məlumdur. Ancaq kruasanın tarixi bu qədər dəqiq deyil. Daha doğrusu bu aypara şəklindəki çörəklə bağlı bir neçə əfsanə var; heç kim həqiqətin tam olaraq necə olduğunu bilmir. Əlbətdə ki, kruasanın tarixi ilə bağlı çox fərqli rəvayətlər var. Ancaq əksər hallarda mənbə olaraq Vyana göstərilir və osmanlılar bu şəhəri hədəf aldıqları üçün Osmanlı təhlükəsinin keçməsinə də ən çox vyanalıların sevinməsi təbiidir. Beləcə 17-ci əsrdən etibarən aypara şəkilli çörək və şirniyyatlar Avropanın digər şəhərlərinə də yayıldı. 1770-ci ildə Avstriya kraliçası Marie Theresanın 15-ci övladı Marie Antoinette fransız şahzadəsi Louis August ilə evləndi və Parisə köçdü. 1774-cü ildə isə Kral XV Louis çiçək xəstələyindən öldükdən sonra Marienin əri XVI Louis adı ilə taxta çıxdı. Avstriya əsilli yeni kraliçanın aypara şəklindəki çörəyi Fransa saray əyanlarına tanıtması mövzusunda tarixçilər həmfikirdir. Buna əvvəl türk çörəyi deyilmiş, sonra isə böyüyən ay mənasını verən “croissant” adlandırılmışdı. Kruasan sonraları sarayın xaricinə çıxmış və xalq da bunun aludəçisi olmuşdur. Bu gün fransız mətbəxinin simvolu halına gələn bu çörəyi onlara ərmağan edən avstriyalı gəlinə isə fransızlar öz təşəkkürlərini necə ifadə etdilər, bilirsiniz?! Fransız inqilabında onun və ərinin başını gilyotində kəsərək!.. Kruasanı sevsələr də, avstriyalı gəlini sevə bilmədilər.” (Sabah qəzeti, Ahmet Örs, 19.07.2009.)
İndi isə günümüzdə fransız mətbəxinin simvolu olan kruasanın reseptini bölüşək. Əvvəlcədən onu deyim ki, kruasanın xəmirini hazırlamaq zəhmət tələb edir. Ancaq təzə bişmiş kruasanı isti bir qəhvə ilə yeyərkən çəkdiyiniz zəhmətin hədər getmədiyindən əmin olacaqsınız.