ƏT YEMƏKLƏRİ

İmam Sadiq (ə): "Kim 40 gün ət yeməsə, əxlaqı pisləşər. Kimin əxlaqı pisləşsə, ona ət yedizdirin".
İmam Rza (ə): "Mal ətini çox yemək zehni kütləşdirir, dərketmə qabiliyyətini azaldır və unutqanlıq (skeleroz) yaradır".
İmam Sadiq (ə): "Mal əti xəstəlik yaradır, amma yağı şəfa gətirir, südü dərmandır".
İmam Sadiq (ə): "Kimin ürəyi xəstə, bədəni zəifdirsə, quzu ətini südlə yesin".
Həzrət Mühəmməd Peyğəmbər (s.a.s) qoyunun qabaq ayaqlarının ətini yeməyi xoşlayardı, arxa ayaqlarının ətini yeməyi bəyənməzdi.
Bir nəfər qanının çoxluğundan (yəni yüksək qan təzyiqindən) İmam Mühəmməd Baqirə (ə) şikayət etdi. İmam ona cavab yazdı ki, bədəndən qan aldırandan sonra təzə duzlu balıq yesin. Həmin adam bu məsləhətə əməl etdi və sağaldı.

YUMURTA

İmam Sadiq (ə): "Kimin övladı olmursa, çoxlu yumurta yesin".
Bir nəfər İmam Rzaya (ə) şikayət etdi ki, yeməyə iştahası yoxdur. İmam ona yumurtanın sarısını yeməyi məsləhət gördü. Həmin adam yedi və iştahası artdı.
İmam Kazim (ə): "Yumurta, soğan və zeytun yeyən adamın cinsi qüvvəsi çox olar".

DUZ

İmam Sadiq (ə): "Kim yeməyə duzla başlasa, yetmiş cür xəstəlik, eləcə də özünün bilmədiyi, yalnız Allaha məlum olan bəlalar ondan uzaqlaşar".
Mühəmməd Peyğəmbər (s.a.s): "Duzdan istifadə etməyi sizə məsləhət görürəm. Duz cüzam, qoturluq və dəlilik də daxil olmaqla yetmiş cür xəstəliyin əlacıdır".

BAL

İmam Rza (ə): "Kim qış vaxtı zökəm olmaq istəmirsə, hər gün 3 qaşıq bal yesin".
İmam Sadiq (ə): "Bal qədər faydalı olan başqa dərman camaatın əlinə düşməz".
İmam Əli (ə): "Üç şey hafizəni artırar..: Quran oxumaq, bal yemək və buxur (ətirli qatran) çeynəmək".

SÜD

İmam Sadiq (ə): "Süd bədəni kökəldər, qanı artırar, ürəyi, beyini və onurğa beynini gücləndirər, cinsi həvəsi artırar. Sinə ağrısı və öskürək üçün də süd xeyirlidir".

SU İÇMƏK QAYDALARI

İmam Rza (ə): "İsti xörək yeyəndən sonra soyuq su içmək dişləri korlayır".
Həzrət Əli (ə): "Yağış suyundan bir az için. Yağış suyu bədənin daxilini təmizləyir, xəstəlikləri aradan qaldırır".(Əlbəttə, bu, indiki ekologiyası korlanmış şəhər yağışlarına aid deyil, indiki yağışlar havaya buxarlanmış zərərli maddələrlə qarışdığı üçün ziyandır, yalnız təmiz havalı yerlərdə bundan istifadə etmək olar)
İmam Sadiq (ə): "Suyu və başqa içəcəkləri üç dəfəyə için; bu, birnəfəsə içməkdən daha yaxşıdır".
Mühəmməd Peyğəmbər (s.a.s): "Suyu asta-asta için, birnəfəsə içməyin. Yoxsa qaraciyər xəstəliyinə tutularsınız".
İmam Sadiq (ə): "Çox su içməkdən çəkin; bütün dərdlərin kökü budur".

HAMİLƏ QADININ YEMƏYİNƏ AİD TÖVSİYƏLƏR

Həzrət Mühəmməd Peyğəmbər (s.a.s) buyurub: "Hamiləliyin son ayında olan qadına xurma yedizdirin ki, övladı imanlı və təqvalı olsun".
"Hamilə qadınlarınıza heyva yedizdirin ki, bətnlərindəki körpə yaraşıqlı olsun".
"Toydan sonrakı birinci həftədə gəlinə süd, sirkə, yemiş və turş alma verməyin. Çünki ilk həftədə təzə gəlinin bətni soyuq olur. Əgər bu yeməkləri yesə, sonsuzluğa səbəb ola bilər".

ÜMUMİ TÖVSİYƏLƏR

İmam Əli (ə): "Hər kəs acıyanda yesə, yeməyi çox çeynəsə, iştahası hələ küsmədən (doymadan) süfrədən əl çəksə, nəcasəti mədəsində çox saxlamasa, ölənə kimi heç bir xəstəliyə tutulmaz".
Mühəmməd Peyğəmbər (s.a.s): "Qarın bütün dərdlərin məskənidir. Pəhriz bütün dərmanların başıdır".
İmam Əli (ə): "Öz qəlbinizi çox yeyib-içməklə öldürməyin. Çünki ürək əkin torpağı kimidir. Torpağa həddən çox su verilsə ölər, əkin-biçinə yararlı olmaz, məhsul verməz".
Mühəmməd Peyğəmbər (s.a.s): "Xəstəni zorla yeməyə məcbur etməyin. Xəstəni yedirib-içirən Allahdır".
İmam Sadiq (ə): "Şam yeməyini tərk etməyin, şam vaxtı hətta duzla üç loxma çörək də olsa yeyin. Kim bir axşam yeməsə, bədənindəki damarlardan biri ölər və daha heç vaxt dirilməz (sağalmaz)" (burada damar deyərkən yəqin ki, kapilyarlar nəzərdə tutulur).
İmam Rza (ə): "Tox qarınla hamama getmək xəstəlik yaradar".
İmam Əli (ə): "Qoz ləpəsi ilə pendiri birlikdə yesən – dərmandır, hər birini ayrı-ayrılıqda yesən – dərddir".
İmam Rza (ə): "Yeməkdən sonra (imkan varsa) arxası üstə uzan və sağ qıçını sol qıçının üstünə qoy".
İmam Rza (ə): "Dişləri misvakla təmizləmək gözün görmə qabiliyyətini gücləndirər, saçları uzadar, gözdən su axmasının qarşısını alar".

Mənbə: [url=http://az.islam.az/article/a-195.html]http://az.islam.az/article/a-195.html[/url]

Comments

comments