DƏNLI BİTKİLƏR
a. Buğda
İmam Rza (ə): "Arpa çörəyinin büğda çörəyindən üstünlüyü biz Əhli-beytin başqa insanlardan üstünlüyü kimidir. Arpa çörəyi peyğəmbərlərin yeməyidir".
b. Mərci
İmam Mühəmməd Baqirin (ə) kənizlərindən biri heyz vaxtı güclü qanaxmaya məruz qalmışdı, hətta az qalmışdı ki, qanaxmadan ölsün. İmam tapşırdı ki, ona mərci şorbası yedizdirsinlər. Kəniz mərci şorbasını yedi və sağaldı.
c. Düyü
İmam Sadiq (ə): "Ishal xəstəliyi olan adam üçün düyü faydalıdır. Vərəmə tutulmuş adam üçün də həmçinin. Düyü bədəndəki xəstəlikləri aparır".
İmam Sadiq (ə): "Düyü yaxşı dərmandır. Onun təbiətində sərinlik var və xəstəlik yaratmır".
Bir nəfər İmam Sadiqə (ə) dedi ki, qızım ishala düçar olub, bədənindəki bütün rütubət çəkilib. İmam buyurdu: "Niyə ona piylə qarışdırılmış (bişirilmiş) düyü yedizdirmirsən?".
İmam Rza (ə): "Vərəmli xəstə üçün düyüdən bişirilmiş çörək qədər faydalı dərman yoxdur".
MEYVƏLƏR
a. Xurma
Mühəmməd Peyğəmbər (s.a.s): "Acqarına xurma yemək bağırsaqdakı qurdları məhv edir".
b. Alma
İmam Sadiq (ə): "Əgər insanlar almadakı faydaları bilsəydilər, öz xəstələrini yalnız alma ilə müalicə edərdilər".
İmam Sadiq (ə): "Zəhərlənmiş adam üçün doğranıb yumşaq döyülmüş almadan yaxşı dərman yoxdur".
c. Heyva
Mühəmməd Peyğəmbər (s.a.s): "Heyva yeyin ki, heyva hafizəni gücləndirər, sinədəki bəlğəmi yox edər, uşaqlarınızı yaraşıqlı edər" (sonuncu xüsusiyyət hamilə qadınlara aiddir; onlar çox heyva yesələr, bətndəki körpənin yaraşıqlı olacağı gözlənilir).
İmam Əli (ə): "Heyva yemək kişilik gücünü artırar, cinsi zəifliyi aradan qaldırar".
ç. Nar
İmam Sadiq (ə): "Hər mömin bütöv bir narı yesə, Allah onun qəlbini nurlandırar və Şeytan 40 gün ona yaxın düşməz".
İmam Sadiq (ə): "Kim yatmazdan qabaq nar yesə, səhərə kimi amanda qalar".
d. İydə
İmam Sadiq (ə): "İydənin məti (meyvənin içi) insanın ətini artırır (adamı kökəldir). İydənin qabığı insanın dərisini artırır (yəni dərinin təravətini artırır, ölü hüceyrələri yeniləri ilə əvəz edir). İydənin tumu isə insanın sümüyünü bərkidir (böyüdür). İydə yemək vasitəsilə böyrəklər qızar, mədə yuyulub təmizlənər, babasilin qarşısı alınar, sidiyini saxlaya bilməyən adam sağalar. İydə baldırları gücləndirər, cüzamın kökünü kəsər".
e. Zeytun
Mühəmməd Peyğəmbər (s.a.s): "Zeytun yeyin. Bu, dalağı yaxşılaşdırır, bəlğəmi qovur, əsəbləri möhkəmlədir, mədənin zəifliyini və ağırlığını aradan qaldırır".
ə. Yemiş
İmam Sadiq (ə): "Acqarına yemiş yemək iflicə səbəb olar".
İmam Sadiq (ə): "Yemiş yeyin ki, sidik daşını əritsin".
f. Kişmiş
Həzrət Əli (ə): "Səhər vaxtı acqarına 21 ədəd qırmızı kişmiş yemək ölümdən başqa bütün dərdləri aradan qaldırar" (Hədisdə 21 rəqəminin göstərilməsi zənnimizcə dəqiq sayı bildirmək üçün deyil, miqdarı göstərmək üçündür. Orta ölçülü 21 ədəd kişmişi bir əllə birdəfəyə götürmək olar, yəni bu, bir böyük çimdik qədərdir).
Mühəmməd Peyğəmbər (s.a.s): "Kişmiş dalağı sağaldır, bəlğəmi qovur, bədəni sağlam saxlayır, əxlaqı gözəlləşdirir, əsəbləri sakitləşdirir, zəifliyi və xəstəliyi aradan qaldırır".
g. Əncir
Mühəmməd Peyğəmbər (s.a.s): "Əncir yemək adamı qulunc ağrısından qoruyar".
Mühəmməd Peyğəmbər (s.a.s): "Həm təzə, həm də quru əncir yeyin. Bu, cinsi qüvvəni artırır, babasili sağaldır".
Mühəmməd Peyğəmbər (s.a.s): "Əncir cənnət meyvəsidir. O, babasili sağaldır, podaqra (oynaq və toxuma xəstəliyi) üçün xeyirlidir".
İmam Rza (ə): "Əncir ağızdakı pis qoxunu aparır, sümükləri bərkidir, saçların tez uzanmasına səbəb olur, xəstəlikləri aradan qaldırır. Əncir olan yerdə başqa dərmana ehtiyac yoxdur".
TƏRƏVƏZ
İmam Rza (ə): "Xəstələrinizə çuğundur yedizdirin. Çuğundurda şəfa var və xəstəlik ondan uzaqdır".
İmam Sadiq (ə): "Çığırtma şəklində bişirilmiş və zeytun yağında qızardılmış badımcan yeyin; bu, bərəs xəstəliyinin əlacıdır". (Bərəs – dərinin piqmentləşməsindən yaranan xəstəlikdir; bu zaman dərinin üzərində ağ ləkələr yaranır. Xalq arasında buna qoturluq deyirlər).
İmam Rza (ə): "Kim yay fəslində zökəmə tutulsa, gündə bir ədəd xiyar yesin və günün altında oturmasın (gəzməsin)".
GÖYƏRTİ
a. Kahı
İmam Sadiq (ə): "Kahı yeyin. Kahı qanı təmizləyir".
Mühəmməd Peyğəmbər (s.a.s): "Kahı yeyin. Kahı yeməyi həzm etməyə kömək edir və yuxusuzluğu aradan qaldırır".
b. Kəvər
İmam Mühəmməd Baqir (ə): "Kəvərdə dörd xüsusiyyət var: mədə yelini qovar, ağız qoxusunu təmizləyər, babasili sağaldar və hər gün kəvər yemək insanı cüzamdan qoruyar".
İmam Kazimin (ə) qohumlarından bir cavan oğlan xəstələnmişdi. İmam onu yoluxmağa getdi və xəstəliyi ilə maraqlandı. Dedilər ki, dalağı ağrıyır. Imam buyurdu ki, ona üç gün ərzində kəvər yedizdirsinlər. Xəstəyə Imamın buyurduğu kimi üç gün kəvər yedizdirdilər, xəstəliyi sağaldı.
c. Reyhan
İmam Kazim (ə) həmişə süfrəyə reyhan gətirilməsini tələb edər və buyurardı: "Mən yeməyə reyhanla başlamağı xoşlayıram. Çünki reyhan damarları genişləndirir, iştahanı artırır, vərəmı sağaldır".
ç. Soğan və sarımsaq
İmam Sadiq (ə): "Soğan ağızdakı pis qoxunu aparır, beli möhkəmlədir, dərini yumşaldıb zərifləşdirir".
Mühəmməd Peyğəmbər (s.a.s): "Hansı şəhərə daxil olsanız, oranın soğanından yeyin. Bu, həmin şəhərə məxsus olan xəstəliklərdən ..sizi qoruyar".
İmam Rza (ə): "Bahar fəslində soğan, sarımsaq və turşu yeməkdən çəkinin".
Mühəmməd Peyğəmbər (s.a.s): "Sarımsaqda yetmiş xəstəliyin şəfası var".
Mənbə: [url=http://az.islam.az/article/a-195.html]http://az.islam.az/article/a-195.html[/url]