Döşəməli aş Azərbaycanın milli plov növlərindən biridir.

Ərzaqlar:

5 st uzun düyü

1 ədəd doğranmış toyuq

500 q təmizlənmiş şabalıd

3 ədəd soğan

4 x.q əridilmiş kərə yağı

3 x.q. alça turşusu (palçıq turşu)

1 st kişmiş

10 ədəd qaysı

10 ədəd albuxara ya da alça turşusu

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Soğanı xırda doğrayıb üstünə duz töküb əlimiz ilə əzirik.

Yuyulub suyu süzülmüş toyuq ətinin üstünə soğanı,alça turşusunu duzu və istiotu əlavə edib qarışdırırıq. Aşı bişirməmişdən bir gün qabaq toyuğu turşulayanda daha da dadlı olur.

Təmizlənib yuyulmuş kişmiş ilə qaysını yağda qovururuq.

Turşu yumşaq olsun deyə 10 dəqiqə qaynar suda saxlayırıq.

Turşunu da yağda qovururuq.

Şabalıdın qabıqlarını təmizləyirik. Bax: [url=http://resept.az/Sabalidin-temizlenmesi-2818.html]Şabalıdın təmizlənməsi[/url] Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.

Böyük qazana su töküb qaynadırıq. Qaynayan suya duz əlavə edirik. ( 7 litirlik qazana 3 x.q duz tökülür) Su duzlu olur ki, düyü xırdalanmasın həm də şit olmasın. Yuyulmuş düyünü qaynayan suya töküb qarışdırırıq.

Düyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.

Qazmağı hazırlayaq. Qatıq ilə yumurtanı qarışdırırıq.

Qazana az yağ tökürük əridirik. Ərimiş yağın üstünə az düyü tökürük. Yumurta ilə qatığın qarışığını qazanın dibinə töküb düyü ilə qarışdırıb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.

Üstünə az düyü əlavə edirik.

Bir tərəfə turşulanmış toyuğu, digər tərəfə isə şabalıdı yığırıq.

Üstünə düyünü əlavə edirik. Turşuları da düyünün içinə dəm almağa qoyuruq.

Qalan düyünü üstünə töküb yağ verib dəmə qoyuruq. Qazanın altına qalın dəmir ya da tava qoyuluq ki, qazmaq yanmasın. Qazanın qapağına təmiz dəsmal qoyuruq ki, düyü dəm alanda suyu içinə tökülməsin.

Aş 2 saat dəmdə qalmalıdır. Qazmaq tutanda aş hazırdı. Aşı süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq, ət və  şabalıd qoyulur, kişmiş, qaysı, turşu düzülür və yağ tökülür.

Nuş olsun!

Comments

comments