Balıq ətinin şəfa mənbəyi olduğunu hamımız bilirik. Bilirik ki, insana ürəkdən cildə qədər saymaqla bitməyən  faydası var. Deyim yerində isə balıq əti gözə nur, dizə təpər, ürəyə quvvətdir. Üstəlik uşaqdan böyüyə hamı üçün tövsiyyə ediləbiləcək bir qidadır.
Əgər həftədə iki dəfə balıq yeyirsinizsə samlamlığınızın qayğısına qalırsınız deməkdir. Hələ son illərin ən güncəl mövzusu olan pəhriz modasına qapılmısınızsa onda balıq sizin üçün əvəzolunmaz olur. 
Faydası öz yerində, amma balıq əsasən öz ləzzəti ilə süfrələrimizdə özünə yer tapır. Tez tez cənub bölgəsindən olan insanlarımızdan eşitdiyim bir ifadə var ki, mənim üçün bu ifadə bir ləzzətin özünə nə qədər əzvəzsiz yer tapdığının bariz nümunəsidir. Balıqdan söz düçdükdə `balıqların şahı Ziyad balığıdır` deyərlər.
Mən balığı çox sevsəm də, hələ uşaqlıqdan bəri `birdən sümüyünü udaram` qorxusu məni bu ləzzəti doya doya dadmaqdan məhrum edir 🙂 Hər dəfə evdə iştahla hazırlayıb yeməyə oturanda balıq ləzzəti axırda sümük ovuna dönür ki, bu da balığın dadına varmağa imkan vermir.  Odur ki, bu mövsümdə təzə balıq görüb könlümdən evdə balıq hazırlamaq keçəndə yolumu marketlərdən salıb donmuş halda satılan qızıl balıq (Türklərin Somon, Rusların Lasos dediyi bu balığı) almağa üstünlük verirəm. Demək olar ki, sümüksüz olan bu balığı sobada hazırladıqda dadı, ətri, tez və asan hazırlanması ilə sizin balıq həvəsinizi tam qarşılayır.  
Ümumiyyətlə balıq hazırlamaq asan olmaqla bərabər bişirirkən qurutmamağa diqqət etmək lazımdır ki, yumşaqlığı, şirəsi içində qalsın.  Burada sizinlə ən sadə və ləzzətli reseptlərdən birini paylaşıram. 

 

Qızıl balıq
Ərzaqlar:
  • 1 dilim balıq felesi
  • armudu stekan bitki yağı
  • 1 ədəd limon
  • Zövqə görə duz, istiot, kəklikotu
Hazırlanışı:
  • Bir qaba limonu sıxıb üzinə yağı, duz, istiot və kaklikotunu tökürük.
  • Balıq felesini qarışığın içinə qoyub soyuducuda 1 saat gözlədirik.
  • 200 dərəcə isidilmiş sobada bişirmə kağızının üstünə feləni qoyub, qabdakı qalan qarışığı üzərinə əlavə edirik.
  • 15 dəqiqədə hazır olur.

Comments

comments