Türkiyəni mühüm elmi təşkilatı olan TÜBİTAK-ın (Türkiyə Elmi və Texniki Araşdırmalar Təşkilatı) qadınlara xüsusilə mətbəx işlərində asanlıq gətirəcək “elmi fəndləri”-ndən bəziləri belədir:

Qazanın içində mənşəyini bilmədiyiniz ağ ləkələr əmələ gəlir? Çox fikirləşməyin. Bu, suyunuzun ərpli olduğuna işarədir. Qazanların içərisində sirkəli su qaynadıb onları bu ləkələrdən xilas edə bilərsiz. Alma sirkəsi istifadə etsəniz daha yaxşı nəticə əldə etmiş olarsız.

Pis qoxuların acığına: balıq qoxusu əlinizdən getmək bilmir? Dərhal limonu ikiyə bölüb əllərinizi onunla ovun. Qoxular aradan qalxacaq. Balıq qızartdığınız tava və boşqablarınızı qətiyyən qaynar su ilə yumayın, çünki qaynar su bütün pis qoxuların dostudur. Əvvəlcə qabları soyuq su ilə yaxalayın, sonra istədiyiniz kimi yuyun. Yumurta qoxusunu da stəəkan və boşqablarınızdan asanlıqla təmizləyə bilərsiz.

Kibrit çöpünün bacarığı: əgər yumurta qaynadarkən qabıqlarının çatlamasından bezmisizsə, yumurtanın suyuna 4 kibrit öpü atın. Vəssalam, problem həll olundu.

Soğanın sizi ağlatmağına daha imkan verməyin. İnanın ki bu çox da çətin deyil. Soğanları soyan və ya doğrayan zaman, dişlərinizin arasında bir-iki kiprit çöpü tutun, daha gözləriniz yaşarmayacaq.

Yaponlar məhz belə edir:

Plovunuzun rənginin ağ olmasını istəyirsinizsə, dəmləyərkən suyuna bir az limon suyu sıxın. Yaponlar da belə edir. Uzun müddət şkafda qalıb bürüşən xiyarı canlı hala gətirmək üçün, xiyarı yuduqdan sonra 10-15 dəqiqə limonlu suya salın, yenə əvvəlki görünüşünə sahib olsun. Eynilə cəfərini də belə canlı hala gətirə bilərsiz.

Yağ sıçraması: Qızartma bişirərkən qaynar yağın kənara sıçramasından özünüzü asan bir yolla qoruya bilərsiz. Yağı qızdırmadan əvvəl, tavanın içinə bir az duz atsanız, yağınız sıçramayacaq və siz rahatlıqla qızartmanızı bişirəcəksiz. Duz, yağın içindəki sıçramaya səbəb olan nəmi özünə çəkir.

Gilas saplaqlarından çay: gilas cəmi 1 ay bazarda tapa bildiyimiz və sonra 1 il ərzində həsrətində olduğumuz meyvədir. Meyvəsini yedikdən sonra gilasın saplaqlarını qətiyyən atmayın. Bu saplaqları qurudub maraqlı, maraqlı olduğu qədər də sağlamlığa faydalı çay hazırlaya bilərsiz. 30 qram gilas saplağını 1 litr suda 10 dəqiqə qaynadın. Hazırladığınlz bu çay həm böyrəkləri işlədir, həm də zəhərli maddələrin bədəndən xaric edilməsinə kömək olur.

Saxla samanı, gələr zamanı: ta qədimdən  soyuq qış günlərində limon və portağal qabıqlarını atmaz, sobanın üzərinə qoyub evə xoş ətir yayarmışlar. İndi bu qabıqların nəfis qoxularından mətbəxinizdə də yararlana bilərsiz. Qabıqları yuyub sobada yaxşıca qurudun. Sonra blenderdə un kimi üyüdün, bir bankada saxlayın və keks, tort və ya bişmə krem hazırladığınızda içinə bir az qatın. Bir “şirniyyat ustası” olaraq bu sizin kiçik bir sirriniz olsun.

Həddən artıq çox makaron bişirmisiz? Təbii ki artıq qalan makaronları atmayacaqsız. Onu fərqli bir şəkildə dəyərləndirəcəksiz. Məsələn sabahısı gün tərəvəzli, ləzzətli bir makaron salatı düzəldə bilərsiz. Ya da yumurtalı, tunes balıqlı salat düzəldə bilərsiz. Makaronları bir-birilərinə yapışmasınlar deyə içinə bir az duru yağ əlavə edib soyuducuya qoymağınız kifayətdir.

Ləzzətli toyuq: qaynadacağınız toyuğun içinə 1 diş sarımsağı soymadan atın. Toyuğunuzun ləzzəti fərqli olacaq. Toyuğu sobadan çıxarın. Əgər dərhal yeməyəcəksinizsə, sobadan çıxaran kimi onu folqa kağızına bükün. Bu toyuğun yumşaq qalması üçün bir hiylədir. Sobaya qoyulacaq toyuğun qabı toyuq böyüklüyündə olmalıdır. Daha böyük qaba qoysanız, əriyən yağlar boş qalan hissələrə tökülüb yanır. Sobada toyuğun ağ döş ətinin qurumaması üçün budları bir-biri üzərinə çarpaz qoyun. Ancaq bişmə müddətinin yarısına çatdıqda beli üstə çevirin.

Toyuq alarkən necə bişirəcəyinizi əvvəlcədən planlaşdırın. Sobada bişəcək toyuq yağlı olsa qurumaz. Amma qazanda bişirəcəksizsə, yağsız olmalıdır. 4 nəfərdən artıq isəniz, bir böyük toyuq əvəvzinə, iki kiçik toyuq alın. Beləcə hamı toyuğun “yaxşı yerlərindən” yeyə biləcək.

Ləzzətli göbələklər: Göbəlyin qoxusunu itirməməsi üçün çox az suda və tez bişirməlisiz. Yəni güclü odda, qısa müddət ərzində. Çoxlu suda uzun müddət qaynayan göbələk bərk və ləzzətsiz olur.

Bananı soyuducuya qoysanız, çox qısa müddət ərzində qaralıb xarab olduğunu görəcəksiz. Çünki banan 12 dərəcə selsidən aşağı temperaturda qaralmağa başlayır. Ən yaxşısı onu otaq temperaturunda saxlamaq və çox saxlamadan istifadə etməkdir.

Kaprizli tərəvəzlər: Ləzzətli bir şiş yeməyi hazırlayacaqsınızsa, ətlərin arasına göbələk də düzün. Amma unutmayın ki göbələkləri şişə taxarkən onlar parçalana bilər. Əlbəttə ki bunun qarşısını almağın asan bir yolu var. Göbələkləri əvvəlcədən qaynar suda saxlamaq lazımdır.

Ənginarlar bütöv olsa da, aşağı hissələri də bişirildikdə suyun üzərinə çıxır. Bunun qarşısını almaq üçün qazanı qapağı ilə deyil, təmiz bir əski ilə örtün. Əski buxardan şişir, əmələ gələn təzyiq ənginarları aşağı doğru itələyir.

Asan üsullar: Yağın asan bir şəkildə həzm edilməsini təmin edən tərəvəz bişirmək üsulu barədə eşitmisiz? Əvvəlcə tərəvəzlər az suda və vam odda yağsız bişirilir. Bişirmə prosesi bitdikdən sonra üzəriə bir az yağ tökülür. Yağın hər tərəfə yayılması üçün qazanı silkələyin, qapağını bağlayın və bir neçə dəqiqə gözləyin. Bu üsulla bişən tərəvəzlər yağı özünə çəkdiyi üçün həm onları həzm etmək asan olur, həm də daha az yağ istifadə etmiş olursuz. Dadlandırmaq üçün yağ tökərkən bir az da cəfəri, şüyüd, nanə, keşniş kimi göyərtilər də əlavə edə bilərsiz.

Lazımi ərzaqları aldınız, küpə qoydunuz və bir də görürsüz ki bu küpün qapağı yox imiş. Qətiyyən narahat olmayın. Bir alüminum folqa kağızı qapağı asanlıqla əvəz edə bilər.

Xəmir yeməklərində istifadə olunacaq un əvvəlcədən ələnsə, zərrələrin arasına hava dolar və keksiniz daha qabarıq olar.

Kolbasanı soymadan əvvəl nəm bir əski ilə silin.

Kahı yarpaqlarını ən yaxşı təmizləməyin yolu son yuma suyuna bir az sirkə qatmaqdır. Amma unutmayın ki, yuyulan tərəvəzləri uzun müddət suda saxlamaq olmaz. Çünki vitamin və minerallarını itirərlər.

Milföy xəmiri qaba yapışmasın deyə, qabı yağladıqdan sonra üstünə suxari unu səpə bilərsiz.

Kartof qaynadarkən daha yumşaq olsun deyə içinə bir kiçik qaşıq marqarin atmağı unutmayın.

Qida seçərkən: Ən diqqətlə seçilməsi lazım olan tərəvəz göbələkdir. Unutmayın, ləkəsiz olan  və rəngi ağa çalan bej rəngli göbələkləri seçin.

Dana əti alarkən bilməyiniz lazım olan ən vacib şey yağlarına toxunduqda onların bərk olmasıdır. Yağlar ağ rəngdə olmalıdır, çünki heyvan yaşlandıqca yağının rəngi sarılaşır.

Asanlıqla soymaq: Kolbasanı asan soymaq üçün iti uclu bir bıçaqla başdan ayağa onu cızdıqdan sonra nəm bir əski ilə silin.

Pomidoru soymaq üçün əvvəlcə qaynar bir suya batırıb çıxarın. Görəcəksiniz ki qabığı çox asanlıqla soyulur.

Soğanın dib hissəsini doğramaq çox vaxt çətin olur. Bu işi asanlaşdırmaq üçün, çəngəli dib hissəsindən soğana abtırın. Beləcə onu sonuna qədər asanlıqla doğraya bilərsiz.

Qızartma: Badımcanı yağda qızartmazdan əvvəl onu duzlu suda 5-10 dəqiqə saxlayın. Görəcəksiniz ki nə qaralacaq, nə də artıq yağ çəkəcək. Toyuğun qıpqırmızı qızarması üçün, bişməyə yaxın üstünə duzlu su sürtün, nəticəni özünüz görəcəksiz.

Yadınızda saxlayın, hər hansı bir qidanı qızartdıqdan sonra, yağı ikinci dəfə istifadə eləmək istəsəniz, bu yağı nazik bir süzgəcdən və ya nazik bir tənzifdən keçirin.

Balıqların yaxşı qızarması üçün, əvvəlcə onları yuyub qurulayın. Sonra unlamazdan əvvəl südə batırın.

Limon haqqında: Kartof, gül kələm və şalğamı qaynadanda, rəngləri bozarır. Bunun qarşısını almaq üçün, suya bir az limon sıxmanız kifayətdir. Limonun qurumasının qarşısını almaq üçün, kiçik bir boşqaba sirkə töküb limonun kəsik tərəfini sirkənin üstünə qoyun. Limon bərkdirsə, kəsmədən bir-iki dəqiqə əvvəl suya batırın. Kəsərkən liomonların daha sulu olduğunu görəcəksiz.

Comments

comments