Yabanı halda yetişən qulançardan yemək hazırlayarkən fərqli bir hiss keçirirsiniz. Sanki təbiəti mətbəxinizə daha yaxın hiss edirsiniz. Ya da içinizdən, dərindən bir hiss sizi təbiətə çıxmağa səsləyir. Sanki bu bitki qoparılıb gətirildiyi o təbiəti də özü ilə gətirir.


Bu bitkinin faydalı tərəfləri bəlkə də çoxlarına tanış olmasa da, artıq min illərdir insanların diqqətini çəkmişdir. Tarixdə 4 min il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum olan qulançar (rus. sparja, lat. asparaqus, türk. kuşkonmaz) Azərbaycanda Qarabağ, Naxçıvan, Ağsu və Şamaxıda geniş yayılmışdır. Daha çox Avropa ölkələrində, Çin və Amerikada geniş surətdə yetişdirilsə də, bizdə yabanı halda bitir və xalq arasında mərəçöyüd, quşqonmaz, məröyçə, mənçör, molla çörəyi və s. kimi adlarla tanınır, qida və dərman bitkisi kimi istifadə edilir.

Qulançarın mövsümü bahar aylarına, xüsusilə aprelə düşür. Günəş almasına görə üç rəngdə ola bilir; yaşıl, bənövşəyi və ağ. Yığılması heç də asan deyil, yığmaq üçün gərək səhər tezdən iş başında olasan. Orqanizmimizin qışdan bahara keçdiyi, xalq dili ilə desək, qanın dəyişdiyi bu vaxtda yetişən qulançar, bizə ehtiyaclarımıza qarşılıq təbiətin bir töhfəsidir. Sanki təbiət özünün möhtəşəm nizamı içində bu bitkini xüsusi ilə yaradıb. Çünkü qulançar sahib olduğu vitamin, minerallar və amin turşuları ilə bəlkə də dünyanın ən faydalı tərəvəzidir. Belə ki qulançar qida selüllozu, K, A, C, E və B qrup vitaminləri, fol turşusu, selen, mis, marqans, kalium, kalsium, dəmir və bir çox digər mineralların, həmçinin asparaqin, karotin və saponinin təbii mənbəyidir. Hazırda dünya miqyasında bu bitkidən fitoterapiya sahəsində bir çox xəstəliklərin müalicəsi üçün istifadə olunur. Bitkinin kökü, kökümsovu, təzə-tər zoğları, gövdəsi, iynə və ya sapşəkilli yarpaqları və toxumları müxtəlif xəstəliklərin müalicəsində, sidikqovucu, sidik kisəsinin ağrıları, qan təzyiqi, vərəm, ürək ağrıları, yel, şəkər, sonsuzluğa qarşı və s. istifadə olunur. Böyrəklərin fəaliyyətini yaxşılaşdırır, xərçəngə qarşı isə əla profilaktik vasitədir. Bu tərəvəzdən müntəzəm istifadə qanı da təmizləyir. Fol turşusu ilə zəngin olduğundan xüsusilə hamilələrin yeməsi vacib olan qidalardandır.
Bu qədər faydalı cəhətləri ilə bərabər, qulançar həm də az kalorili sayılır. Belə ki, bu bitkinin 200 qramında cəmi 44 kalori var ki, bu da əslində qulançarı günümüzdə pəhriz saxlayan insanlar üçün əvəzsiz bir qida edir. Həm sağlam, faydalı, bəsləyici, ləzzətli və həm də az kalorili – bundan artıq nə axtarasan ki?!

Qulançarı müxtəlif halda qəbul etmək olur; dəmlənir, bişirilərək yeyilir və qurudulub toz halına salınaraq bala qatılır. Hətta ehtirası kəskin şəkildə gücləndirdiyinə görə bir vaxtlar kilsədə çalışanlara qulançardan istifadə etməyin qadağan edildiyi deyilir. Qulançarı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər.
Sizinlə qulançarlı çığırtma reseptini paylaşmadan əvvəl qulançar hazırlayarkən diqqət edəcəyimiz bəzi məqamları bölüşmək istəyirəm. Qulançar reseptləri ilə bağlı ipucları:

– Qulançar çox tez bişir (3-5 dəqiqəyə) və bu səbəbdən bişirərkən vaxta diqqət edin;
– Qulançar çiy şəkildə də yeyilə bilir, salatlara əlavə edilə bilir;
– Qulançar pendir ilə də ləzzətli olur. 5 dəqiqə sobada qalan qulançarın üstünə pendir rəndələnir və daha 3-5 dəqiqə sobada saxlanılaraq ləzzətli bir dad əldə edilir (üstünə limon da sıxmaq olar);
– Qulançarlı reseptlərin hamısının əsas xüsusiyyəti odur ki, az bişməlidir və az bişən digər səbzilərlə hazırlanan təamların hamısı bununla hazırlana bilir.



Yumurtalı qulançar çığırması
Ərzaqlar:
  • 2 dəstə qulançar
  • 2-3 xörək qaşığı kərə yağı
  • 1 orta baş soğan
  • 3 yumurta
  • duz, istiot
Hazırlanması:
  • Qazanda bir az su qaynadırıq (hardasa 3 su bardağı).
  • Qulançarı yuduqdan sonra aşağı sert hissələrini (təxminən aşağıdan 2 sm-ə qədər) tək tək əlimizlə qırırıq.
  • Qulançarları qaynayan suya atıb (rahat olması üçün ortadan ikiye bölə bilərsiniz) 5 dəqiqəyə qədər pörtlədib sudan çıxarırıq.
  • Soğanı normal ölçüdə, pörtlənmiş gulançarları isə xırda olmayacaq şəkildə doğrayırıq
  • Tavada kərə yağını əridib doğradığımız soğanı əlavə edir. Soğan öldükdən sonra üzərinə doğradığımız qulançarı, duz və istiotu tökürük. Bir az da pörtlətdiyimiz sudan əlavə edib qarışdıraraq 10 dəqiqə bişiririk-qızardırıq.
  • Yumurtaları çırpıb üstünə əlavə edirik. Yumurta bişdikdə çığırmamız hazır olur.


 Qeyd:  zövqə görə üstünə göyərti doğrayıb səpə və qatıqla yeyə bilərsiniz.

Comments

comments