Dənli bitkilər arasında düyü xüsusi olaraq fərqlənir. Vətəni Asiya hesab edilir və Asya xalqları onu tanrıların hədiyyəsi də aldandırırdılar. Düyü həqiqətən də universal qida
vasitəsidir və elə buna görə də bir çox ölkələrin təməl qidasını təşkil edir. O, qidalandırıcı olmaqla yanaşı çox da faydalıdır. Onu istənilən yaşda qəbul etmək olar. Həm böyüklər həm də uşaqlar üçün faydalı hesab edilir. Tərkibi lesitinlə zəngindir ki, bu da beyin fəaliyyətini yaxşılaşdırır, oliqosakaridlər bağırsaqların işini normallaşdırır, selen orqanizmdəki zərərli duzları neytrallaşdırır. 
Nişasta baxımından zəngin olan düyü, insanı enerji ilə təmin edən qidalardan biridir. Həmçinin vitaminlər baxımından olduqca qiymətlidir.
Düyüdə B1, B2, C və E vitaminləri, natrium, maqnezium, kalium, kalsium, dəmir və fosfor mineralları var. 
Bütün bunların sayəsində düyü bədən inkişafını dəstəkləyir. Bədənə enerji və qüvvət verir. 
Faydaları isə aşağıdakılardır:
– Doyurucudur və zehni fəaliyyətə kömək edir, 
– Həzmi asanlaşdırır, 
– Bağırsaqlarda faydalı bakteriyaların yaranmasına yardım edir. 
– Qandakı xolesterol nisbətini azaldaraq ürək-damar xəstəliklərinə yaxşı təsir göstərir,
– Bədəndə olan suyu çəkərək toksiki maddələri uzaqlaşdırmağa kömək edir,
– Dəri sağlamlığına faydalıdır.
– Böyrəklərə faydalıdır; düyünün kəpəyi sidikqovucudur.
– Yüksək təzyiqi salır.
Dünyada hər il 350 milyon tondan artıq düyü istehsal edilir. Düyülərin rənginə, uzunluğuna, ətrinə, yetiştirildikləri yerə və s. kimi xüsusiyyətlərinə görə 10 mindən artiq növü bilinməktədir. Bunların içində Basmati, Jasmin, Arborio və vəhşi düyü kimi xüsüsi növləri çox məhşurdur. Hər bir düyü novü damaq dadına görə fərqli ölkələrdə və fərqli yeməklərdə daha çox istifadə edilir. Məsələn, Basmati daha çox şərqdə və əsasən plovlarda istifadə edilirkən, Arborio Avropada daha çox tələb edilir, hətta İtalyan mətbəxinin olmazsa olmazindan sayılır, Jasmin isə cənub-şərqi Asyada və eqzotik yeməklərdə istifadə edilir. 

Basmati isə bunların şahı sayılır və yalnız Hindistanın şimalında, Himalay dağının yamacında və Pakistanın həmsərhəd ərazisində yetişir. Nədir basmati düyüsünün özəlliyi ?  “Bas”   Hindu dilində ətir deməkdir, “Mati” isə dolu-bol deməkdir. Adından da görüldüyü kimi Basmati düyüsünün özünəməxsus ətri var və bu ətri biştikdən sonra da hiss etmək olar. İkinci ən səciyyəvi xüsusiyyəti ondadır ki, normalda incə uzun olan bu düyü bişdikdə daha da uzanaraq əvvəlki uzunluğunun iki mislinə çıxır. Beləcə həm artımlılığı, həm ətri və dadıyla seçilir.


Şah Plov
Ərzaqlar:
  • 4 stekan uzun düyü
  • 1 kq. suda bişmiş sümüksüz qoyun əti
  • 500 qram təmizlənmiş şabalıd
  • 3 ədəd baş soğan
  • 1 stekan kişmiş
  • 4 xörək qaşığı əridilmiş kərə yağı
  • 10 ədəd qaysı qurusu
  • 10 ədəd albuxara vəya alça turşusu
  • Sarıkök vəya Zəfəran, Duz, İstiot, limon duzu
Qazmaq üçün.
  • 2 stekan un
  • 50 qram kərə yağı
  • 2 yumurta
  • 1 xörək qaşığı xama
  • Duz
Hazırlanması:
  • Şabalıdın qabıqlarını təmizləyirik. Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.
    Doğranmış soğanı tavaya töküb, duz səpib, yağ əlavə edib, qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq.
    Əvvəlcədən suda bişmiş əti tavada yağ əlavə edib qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu, istot  səpib qarışdırırıq
    Qovrulmuş soğan ilə əti qarışdırırıq.
    Kişmiş, qaysı və turşunu tavaya yağ əlavə edib qovururuq.
    Qazmağı hazırlayırıq. Un ilə yağı ovuruq. Üstünə yumurtanı, xamanı və duzu əlavə edib qarışdırırıq.
    Xəmiri yoğururuq. Yumşaq xəmir olur. Xəmiri bir balaca və bir böyük hissələrə bölürük.
    Böyük kündəni yuxa kimi yayırıq. Qalınlığı yuxadan az qalın olsun.
    Sobaya yerləşə biləcək bir qazan götürürük. Onun içini yaxşı yağlayırıq. Yayılmış yuxanı qazanın içinə yerləşdiririk.
    Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk. Düyünü tökən kimi qarışdirin ki, bir birinə yapışmasın.
    Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.
    Bişmiş düyüdən az tökürük və üzərinə şabalıd tökürük.
    Yenə düyü əlavə edib üstünə əti tökürük və qovurduğumuz turşuları aralarına düzürük.
    Yenə düyü tökürük. Qovrulmuş kişmiş ilə qaysını əlavə edirik.
    Kişmişin üstünə yenə düyü əlavə edib yağlayıb balaca yuxanı yayıb üzərinə sərib yanlarını bərkidirik.
    180-200 dərəcədə qabaqcadan qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük.
    Süfrəyə verilən plov üsdən kəsilir və qaşıqla götürülür.

    Bu plovu istəsəniz kiçik qablarda adam başına düzəldə bilərsiniz.

               Nuş olsun.
              Resept.az-da Şah Plov resepti             

Comments

comments