Bahar – bu sehrli kəlməni duyduqda istər-istəməz əhvalımız yüksəlir və müsbət emosiyalara köklənir. Yenidən canlanan təbiətlə birlikdə insan da bu ahəngin bir parçası olur. Elə bu
səbəbdən də xüsüsən baharda süfrəmizdə bitki təamlarına əlimizdən gəldiyi qədər daha çox yer verməyə çalışmalıyıq. Unutmayaq ki, qidalanmağımızı təbiətin ahənginə uygun tənzimləyə bilsək, günümüzün mərəzlərindən bir çoxu heç astanadan belə içəri keçə bilməz. Beləcə, bir çox bitkinin qısa müddətli və əsl mövsümü olan baharın nemətlərindən maksimum dərəcədə faydalanaq.
Bu gün sizinlə həm faydalı, həm də çox yayılmış bir bitki haqqında  məlumatı bölüşmək istəyirəm. O bitki ki hər yerdə – hasar diblərində, açıq kolluqlarda bitir və qapımıza qədər gəlib çıxır, sanki “məndən faydalanın” deyir. Əlbəttə ki, bu, hamımızın tanıdığı əmənköməncidir. Bəzi bölgələrimizdə “dən-dən” də deyilən bu bitkinin elmi adı “Malva sylvestris”dir. Malvaceae ailəsindən olan bu bitkinin digər adları “Althaea”, “Mellow” və “Marshmallow”dur. Türkiyə türkcəsində isə ona “ebegümeci” deyirlər.
Dünyanın hər yerində rast gəlinən bu bitkinin 1500-dən çox növü bilinir. Dərman vasitələrinin istehsalında, ətriyyat sənayesində geniş istifadə edilməklə bərabər, məişətdə həm dərman kimi, həm də mətbəxdə bir qida kimi istifadə edilir.
Dərman kimi bir çox faydalı xüsusiyyətləri mövcuddur, belə ki:
  immun sistemini gücləndirir;
  bağırsaqların işləməsinə kömək edir, qəbizliklə mübarizədə çox təsirlidir;
  ağız boşluğu iltihabına qarşı təsirlidir (qarqara kimi istifadə edilir);
  diş ətinə faydalıdır (qarqara kimi istifadə edilir);
  üst tənəffüs yolu xəstəliklərinə qarşı təsirlidir;
  təzyiq düşürücüdür (bu səbəbdən aşağı təzyiqli insanların və hamilələrin ehtiyatla istifadə etməsi tövsiyə olunur).

Mətbəxdə isə əmənkömənci qovurması ilə məhşurdur. Çox asan və zövqə görə fərqli qarışıqlıqlarla hazırlana bilən əmənkömənci qovurması mövsümündə çox faydalı və az xərcli bir təamdır. Qapımıza qədər gələn bu nemətdən istifadə edək, sağlamlığımızın qayğısına qalaq.
 
 
Əmənkömənci qovurması
Ərzaqlar:
  • 1 dəstə əmənkömənçi
  • 2-3 xörək qaşığı kərə yağı 
  • 1 orta baş soğan
  • 1 diş sarımsaq
  • duz, istiot 
Hazırlanması:
  • Əmənkömənçini yaxşı yaxaladıqdan sonra saplarını kəsib təmizləyirik.
  • Soğanı və sarımsağı xırda doğrayırıq. (
  • Orta boy bir qazanda yağı isidirik və soğanı, sarımsağı əlavə edərək öldürürük. 
  • Üstünə əməmkömənciləri əlavə edirik. Duz və istiotu vurduqdan sonra ağzını örtüb az odda bişiririk, qovururuq (istəsəniz, soğanın üstünə bir az qiymə vurub qovura, daha sonra eyni qayda ilə əmənköməncini əlavə edib bişirə bilərsiniz. İçinə şirin bibər də doğraya və sonra üstünə yumurta çırpa bilərsiniz).

 
Qeyd:  Resept iki nəfərlikdir. Süfrəyə verəndə qatıqla və ya qatıqsız yeyə bilərsiniz..
 
 

Comments

comments