Torpaq Çərşənbəsi



Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Qədim türklər bu oyanışı şən nəğmələr, müxtəlif mərasimlər və ayinlərlə qarşılamışlar.

Torpaq çərşənbəsində yerin üstündə və altında olanlar yenidən canlanır, dirilir. Bu çərşənbədən əvvəlki həftə ərzində, yəni Yel çərşənbəsindən sonra qəbirləri ziyarət edir, ehsan paylayırlar. İlaxır çərşənbədə artıq bu işlər başa çatmış olur və hamı bayramı xoş ovqatla qarşılamağa hazırlaşır.

Torpaq çərşənbəsinə əksər hallarda ilin, ayın axır çərşənbəsi də deyilir. Sonuncu çərşənbə əvvəlki üç çərşənbəyə nisbətən daha təmtəraqlı keçirilir. Müxtəlif ayinlər icra olunur. Hamı təzə geyinir, başa, ələ, ayağa xına yaxırlar. Yelləncəkdə yellənir, su falına baxır, qapı pusurlar. Axırıncı çərşənbədə cavanlar səhərdən axşamacan halay oyunu oynarlar. Yelləncəkdə yellənən qızlar istədikləri oğlanın adını ağaca yazar, bir-birini yelləndirərlər. Kimin başı yazılı ağaca dəysə, niyyəti yerinə yetər.

Axırıncı çərşənbədə nəzir götürən ailələr səməni halvası çalıb, qapı-qapı paylayar, süfrələr şirniyyatla bəzənər, təndirdə şirin çörək – nazik bişirilər.

Odla bağlı şənliklər şər qarışanda keçirilər. Tonqal qalanar, Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə", ya da "Ağırlığım odda yansın". Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. İlin ağrı-acısı sevinclə əvəzlənər. Eyni zamanda əvvəlcədən hazırlanıb neftə qoyulmuş lopalar atılar, hər yan nura qərq olar.

Axır çərşənbədə yumurtanı qırmızı boyayar, yumurta döyüşərlər. Süfrənin üçtünə xeyir-bərəkət rəmzi olan səməni qoyular. Səmənini belinə qırmızı lent bağlayarlar.

Səhər erkəndən çaydan çərşənbə suyu gətirib balatanı təzələyər, evə çiləyər, içərlər.

Axır çərşənbədə meydan tamaşaları göstərirlər. Qodu-qodu mərasimi keçirilər. Kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, Xan-vəzir oyunu, cıdır, zorxana yarışları adamları sevindirər.

Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta da ağaclar da başını yerə əyib qalxırlar.
Xalq axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İnanca görə axır çərşənbə "Novruz"la üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir, aş qazanı asılar. . Həmin gecə "qulaq falı"na çıxırlar.

Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, hamı xoş sözlər deyər, bir-birinin könlünü alar. Qulaq yaxşı söz eşitsin deyə hamı xoş sözlər söyləyər. Qulaq falına yalnız axır çərşənbəsində çıxarlar. Çərşənbə axşamı söyüş, qarğış, ürəkbulandıran söz söyləməzlər.

Torpaq çərşənbəsində püşkatma keçirilər. Kağıza adlar yazıb atarlar. Püşk atılan kağızın bir qismi boş olur. Kimin bəxtinə boş kağız düşərsə, deməli, qisməti hələ yoxdu.

İlaxır çərşənbədə Yığma-yığma oyunu düzəldirlər.

Cavan qızlar evdən düyü, yağ, şirniyyat gətirib kimsəsiz qocalardan birinin evinə yığardı. Gətirilən şeylərə cürcənə deyirdilər. Həmin cürcənədən bayram süfrəsi açılardı.

Axır çərşənbədə dörd ilahi başlanğıc birləşir. Suya, Oda, Yelə və Torpağa tapınan insan torpağın və torpaqdan xəlq olunanların oyanışına sevinir.

OXŞAR YAZILAR
.8 Mart Beynəlxalq Qadınlar günü
Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimli və sevincli günlərindən biridir. Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə dü
.Yel çərşənbəsi
Bu gün Azərbaycanda Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə
.Su çərşəmbəsi - Əzəl çərşəmbə
Su təmizlik saflıqdır. Su hər şeyin əzəli və çıxış nöqtəsdir. Su çərşəmbəsində təbiət hələ yuxuludur. Ona görə də insanlar " Ay çərşəmbə, sən mənimlə ç
.Yeni İliniz Mübarək!
Bu gün təqvimlərdən bir yarpaq daha əksilir. 2016 başa çatdı, 2017-ni qarşılayırıq... Bu günün Azərbaycan xalqı üçün başqa bir əhəmiyyəti var. Bu gün Həmrəy
.Dilbər Ramizqızının şəxsi bloqu
Əziz resept.az istifadəçiləri. Bilirsiniz ki, böyük həvəslə hazırladığım reseptləri artıq beş ildir ki, daimi olaraq sizlərlə saytımda bölüşürəm. Zənginliy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (19 mart 2015 23:55)
Təşəkkür edirik. Bayramınız mübarək.
NAVAL (17 mart 2015 16:26)
SALAM RESEP AZ TORPAQ CERSENBENIZ MUBAREK . NAVAL SANKT - PETERBURQ
Rena (23 mart 2014 18:19)
Salam.zehmet olmasa kend toyugu ile de reseptler yazardiniz

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.